Dünyanı Əfsanə də xilas edə bilər…
- 6 hours ago
- 3 min read

Hər addımında baharın nəfəsi duyulan Dənizkənarı Milli Parkın yaxınlığında yerləşən Muzey Mərkəzində başqa bir bayram ovqatı var. Birinci mərtəbədən binanın dördüncü qatına kimi hər yerdə karnaval mərasimlərinə uyqun geyinən maskalı xanımlar, simfonik əsərlər ifa edən musiqiçilər...
Muzey Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Liana Vəzirova gələn qonaqları-tanınmış elm, mədəniyyət və incəsənət xadimlərini, Bakıdakı diplomatik korpusun nümayəndələrini böyük səmimiyyət və mehribanlıqla qarşılayır. Hamı Liana xanımın kuratoru olduğu “Favole” adlı sərginin açılışını maraqla gözləyir...
Yaşayan sənət əsərləri olacaq
Sirlər açılır, maskaların müəmmalılığı aradan qalxır, suallara aydınlıq gəlir yavaş-yavaş. Muzey Mərkəzinin əzəmətli binasında Venesiya karnavalı ovqatı yaratmaq səbəbsiz deyilmiş. Gənc rəssam Əfsanə Həbib doğulub boya-başa çatdığı Bakıda “Favole” adlı ilk fərdi sərgisini təqdim edirdi. Heç bir sirr qalmasın deyə, onu da qeyd edək ki, sərginin adı rəssamın adı ilə üst-üstə düşür- italyan dilində “favole” sözü nağıllar, əfsanələr kimi tərcümə olunur.
Tədbirin açılışında çıxış edən Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi- “Dirçəliş” Təşkilatının rəhbəri İslam Baxşəliyev bildirir ki, Bakıda ilk fərdi sərginin həyəcanını yaşayan Əfsanə Həbib bu günə kimi Parisdə, Londonda, Brüsseldə, Moskvada, Dubayda, Tbilisidə təşkil edilən müxtəlif sərgilərdə iştirak edib, dünya şöhrətli fırça ustaları, sənətşünaslar qarşısında uğurla imtahan verib.
Xalq yazıçısı Natiq Rəsulzadə istedadlı gənc Əfsanə Həbibin çəkdiyi rəsmlərə maraqla baxdığını deyir, Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında sənətin sirlərini öyrənən Əfsanə xanıma yaradıcılıq sevincləri arzulayır.
Almaniya-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev ürək sözlərini çatdırır və məsləhət görür ki, Əfsanə Həbib rəssamlıqda ustadından da irəli getməyi bacarsın, fırça ilə daha gözəl tablolar yaratsın. Professorun fikrincə, əsl sənət əsərləri minilliklərin sınağından keçərək dünyada yaşayır. Gənc rəssamın maraqlı yaradıcılıq üslubuna toxunan Çingiz Abdullayev bildirir ki, hər il Almaniyanın Köln şəhərində keçirilən ənənəvi festivalda Əfsanə Həbibin gələcəkdə iştirakı yaxşı olardı və alman sənətsevərləri bu əsərləri maraqla qarşılayardılar.
Qırğızıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmanəliyev gənc rəssama təbriklərini çatdırır, iki ölkə arasında mədəni əlaqələrin inkişafının vacibliyini qeyd edir və sərgi təşkilatçılarına təşəkkür edir.
Maska arxasında gizlənən müəmmalar
Digər çıxış və təbriklərdən sonra Əfsanə Həbibin “Favole” adlı ilk fərdi sərgisi ilə tanışlıq başlayır. Ekspozisiyada gənc rəssamın fırçasından çıxan 60-dan çox əsər nümayiş etdirilir. Yağlı boya ilə çəkilən “Bakı-ürəyimin şəhəri”, “Sirli ab-hava”, “Şəhərin yavaşıdılmış ritmi”, “Karnaval övladı”, “Karnaval maskaları”, “Venesiya həyatı”, “Titrəyən ürək və gizli kədər” və s. əsərlər böyük maraqla qarşılanır.
Tanınmış memar Həbib müəllimin ailəsində dünyaya göz açan Əfsanə uşaqlıqdan gözəllik aləminin, sənət əsərlərinin əhatəsində böyüyüb. İqtisad Universitetində ali təhsil alsa da incəsənətə, xüsusi ilə rəssamlığa marağı onu ailə ənənəsini davam etdirməyə sövq edir. Hansı peşənin həqiqətən “özününkü” adlandıra biləcəyini anlayır. Hisslərini, düşüncələrini kətan və boyalarla bölüşür, həmsöhbət olur. Həbib müəllimin mənəvi dəstəyi ilə sənətə gələn Əfsanə xanım Xalq rəssamı, professor Sakit Məmmədovun emalatxanasında rəssamlığın sirlərini öyrənir, ustadının “opalizm” üslubunu mənimsəyir. Sakit Məmmədovun xeyir-duası ilə gənc və istedadlı rəssam ilk uğurlarına imza atır, əsərləri Parisin dünya şöhrətli “Luvr” muzeyində nümayiş etdirilir.
İstedadlı fırça sahibinin sənətsevərlərə təqdim etdiyi yaradıcılıq nümunələrinin əksəriyyəti “Venesiya karnavalı” kimi tanınan unikal mədəniyyət hadisəsinə həsr olunub. Əfsanə xanım bunu uşaqlıq dövrünün xatirələrinə bağlayır. Hələ uşaq yaşlarından karnavallar, maskaların müəmmalığı onu cəlb edib, düşünüb ki, hər bir insan belə bir maskanın arxasında gizlənə bilər...
Sərgiyə gələnləri “Favole”- nağıllar, əfsanələr aləminə qonaq edən təşkilatçılar ziyarətçilərə gənc və istedadlı rəssam Əfsanə Həbibin yaradıcılıq aləmindən, düşüncələrindən söhbət açan foto-albom da bağışladılar. Sənətşünas Nailə Bənnayevanın mətnləri, Fəxriyyə Məmmədovanın fotoları əsasında hazırlanan foto-albom yüksək keyfiyyətlə “Şərq-Qərb” mətbəəsində ərsəyə gəlib.
... Ətrafdakı simalar yox-maskalar... maskalardır.
Özünü sanki nağıllarda hiss edirsən...
Sanki röyadasan...
Bütün hisslər ürəyinin dərinliyindədir...
... Ümid, sevgi, mehribanlıq,
Maskanın altında...
Ora bir nəzər sal,
Sualına cavab taparsan...


